Tanınmış aktyor Azər Aydəmir Azərbaycan Beynəlxalq Bankında problemlə üzləşib.
"Unikal" xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, ABB-nin baş ofisinə bank hesabı açmaq üçün müraciət edib:
"Yaxınlaşıb, şəxsiyyət vəsiqəmi təqdim etmişəm. Deyir, müəllim, sizin 15 il əvvəl bizdə hesabınız olub. Orada soyadınız Aydəmirov kimi göstərilir. Amma indi vəsiqənizdə Aydəmirdir. Biz sizə hesab aça bilmərik. "ASAN xidmət"dən "ov" sonluğunun ləğvi ilə bağlı təsdiqləyici sənəd gətirməlisiniz. Deyirəm xanım, mən 12 ildir Aydəmirəm və əlinizdə tutduğunuz ölkənin ən ali sənədində də bu yazılıb. FİN kodum da, DİN bazası da bunu deyir. Siz bu məlumatları yetərli saymırsınız? Deyir, yox. Bizdə yalnız "ASAN xidmət"dən olan sənəd keçərlidir. Deyirəm biometrik vəsiqəni "ASAN xidmət" verib".
Bu məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB ) Azər Aydəmirdən bank hesabı açmaq üçün analoqu olmayan, absurd arayış tələb edib.
"Bank Azər bəydən 15 il öncə baş tutan soyad dəyişikliyi ilə bağlı "ASAN xidmət"in təsdiqləyici sənədinin gətirilməsini istəyib. Sadəcə biabırçılıq. Biz gözləyirdik ki, Mərkəzi Bankda kadr dəyişikliklərindən sonra rəqəmsal transformasiya güclənəcək. Baş verənlər isə bunun tərsini göstərir. Dəqiq bilirəm ki, ABB İT layihələrə , rəqəmsallaşmaya yüz milyonlarla vəsait xərcləyib. Görünür ki, bütün bunlar səmərəsiz və qeyri-effektiv olub. Banklar arasında ən böyük İT komanda onlardadır. Hətta xariciləri də dəvət ediblər, mənasız alt qurumlar yaradıblar. Görünür ki, bu nəhəng dövlət strukturunda ötən illərdə baş verən neqativ proseslər hələ də davam edir. Ümid edirəm Mərkəzi Bank bu cür biabırçılığa qiymət verəcək. Burada İT xərclərinin auditini də aparmaq doğru olardı".