ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED uçot dərəcəsini yüksəltməkdə israrlı görsənir.
"Unikal" xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb.
O, vurğulayıb ki, FED-in qərarı birjalara təsirsiz ötüşməyib: “Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır.
FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir”.
Azərbaycanda dolların bahalaşması ilə bağlı da iqtisadçı bildirib ki, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir: “Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.