Azərbaycanda Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi yaradılacaq.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub. Belə ki, qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.
Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib.