"Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib".
Bunu "Unikal"a iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib:
"Ötən il ölkəmizə 791,8 min, 2020-ci ildə isə 795,7 min əcnəbi gəlmişdi. Bu il Azərbaycana gələn turistlərin sayı artasa da, hələ pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə - 3.2 milyon nəfər ziyarət etmişdi. Azərbaycana gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Digər ziyarətçi ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2.0 faizdən azdır. Rəsmi statistika göstərir ki, gələnlərin 61.7 faizi quru sərhədlərimiz olan ölkələrdəndir. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumaşalacağı halda quru sərhədlərimiz açılarsa, bu ölkəyə daha da çox turistin gəlməsinə səbəb olacaq".
Deputat qeyd edib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: "Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin, məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir".
Anar Kəlbiyev