Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
"Unikal" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb.
Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır.
Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasına aparılır.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.
Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.
Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
*** 14:00
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.