29 sentyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan – Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təşkilatçılığı ilə Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib.
"Unikal" xəbər verir ki, forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.
Nazir əlavə edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi ifadə olunub. Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var.
“Biz Pakistanın texnologiya şirkətlərini Azərbaycanda tədqiqat mərkəzləri yaratmağa dəvət edirik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.
Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan – Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, PAKAZCHAM-ın prezidenti Xürrəm Bhatti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar nümayiş olunub.
Forum B2B və B2G formatında görüşlərlə davam edib.