İranda Mahsa Əmini etirazları davam edərkən, Zahidan şəhərində cümə namazından sonra meydanda polis bölməsinə və vətəndaşlara edilən hücumda 19 nəfərin həyatını itirdiyi bildirilib. Hücum zamanı İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki kəşfiyyat komandiri polkovnik Əli Musəvinin də həyatını itirdiyi açıqlanıb.
"Unikal" xəbər verir ki, “əvvəlcədən meydana gələn terrorçular və üsyançılar Zahidanı təhlükəli vəziyyətə salmaq üçün polis idarəsinə və meydandakı insanlara atəş açıblar”.
İRNA bölgədəki mənbələrinə əsaslanaraq, hücumda ümumilikdə 19 nəfərin öldüyünü və ən azı 15 nəfərin yaralandığını, lakin rəsmi açıqlamanın səlahiyyətlilər tərəfindən veriləcəyini açıqlayıb.
İran dövlət televiziyası Zahidan şəhərinin Məkki məscidi yaxınlığında terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada İnqilab Keşikçiləri Ordusunun Sistan-Bəlucistan əyalətindəki kəşfiyyat komandiri polkovnik Musəvinin yaralandığını açıqlayıb.
İranlı komandirin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Hadisələr zamanı şəhərdə ictimai bina, yanğınsöndürmə maşını və bank filialının da yandırıldığı qeydə alınıb.
Gültəkin Ələsgər