"İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhvəsini bir daha təsdiq edir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı:
"Bu daxili şəbəkə vasitəsilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Azərbaycan həmçinin, Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə vermiş olacaq. Rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin formalaşmasına töhvəsi genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracıtımız 50 faizdən çox artıb və illik nəqlin 11.5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir".
Deputat qeyd edib ki, İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır:
"Bu rəqəmin daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi".
Anar Kəlbiyev