Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən "Unikal"-a verilən məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib. M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.