"Yaponiya və Cənubi Koreya iqtisadi möcüzəsinin təməlini müəllimlər inşa etdilər. Bu gün də Yaponiyada ən nüfuzlu peşələrdən biri məktəb müəllimidir. Dərs deməyə yeni başlayan müəllimlər 5900 manat maaşla işə qəbul olunurlar, məktəb müəllimlərinin orta maaşı 6985 manatdır, stajı 10 ildən çox olanların maaşı isə 8325 manatdan başlayır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Cənubi Koreyada məktəb müəllimlərinin maaşı 4145 manatdan başlayır və hər staj ilinə görə artır.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda məktəb müəllimlərinin sayı 140 min nəfərə yaxındır:
"Onlardan 4439 nəfərin dərs yükü həftəyə 6 saat, maaşları 150 manat, 100 minə yaxın müəllimin dərs yükü 12-18 saat, maaşları 400-600 manat, 35 561 müəllimin dərs yükü həftədə 18-24 saat , onların maaşı isə 800-1000 manat arası dəyişir. Ölkədə məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat təşkil edir. İstənilən ölkənin gələcəyinin təməli məktəbdə, təhsildə inşa edilir. Təhsil o vaxt effekt verir ki, iqtisadiyyatın tələblərini ödəsin, yəni, təhsilin əsas sifarişçisi məhz iqtisadi model olmalıdır".
Anar Kəlbiyev