Rusiyada səfərbərlik elan edildikdən sonra Tbilisidə rusların Gürcüstana üz tutmasına etiraz edilib.
"Unikal" xəbər verir ki, gecə saatlarında Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiyanın Gürcüstana axınının dayandırılmasını tələb ediblər.
“Sərhədi bağlayın” şüarı ilə təşkil edilən nümayişə gələnlər Gürcüstan, Ukrayna və Avropa İttifaqının (Aİ) bayraqlarını daşıyaraq, Ukraynaya dəstək şüarları səsləndiriblər.
Nümayişçilər əllərində Rusiya əleyhinə və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ifadələrinin yer aldığı pankartlarla Gürcüstan və Ukraynanın dövlət himnlərini oxuyublar. Nümayişdə çıxış edənlər Rusiyanın Gürcüstan ərazisinin 20 faizini işğal etdiyini xatırladaraq, Rusiya vətəndaşlarının ölkəyə axınının böyük təhlükə yaratdığını səsləndiriblər.
Hökumətdən Rusiya ilə sərhəd-keçid məntəqəsinin bağlanmasını tələb edən nümayişçilər tələbləri yerinə yetirilmədikcə etirazlarını davam etdirəcəklərini bildiriblər.
Gürcüstan Daxili İşlər Nazirliyi sentyabrın 23-27-də ölkəyə 78 742 Rusiya vətəndaşının daxil olduğunu açıqlayıb.
Gültəkin Ələsgər