"Bu il mütəmadi olaraq mənzil bazarında qiymət artımı müşahidə olunub".
Bunu "Unikal"a açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, mövsümlə əlaqədar və digər səbəblərdən evlərin qiymətində artımı var:
"Qiymət artımları ilin əvvəlində qeydə alınan səviyyədə olmasa da, ərazidən, yerləşmədən asılı olaraq aylıq 3-5 faiz arasında nisbi qiymət dəyişir. Mənzil bazarındakı qiymət artımlarının nə zamana qədər davam edəcəyini proqnozlaşdırmaq indiki halda mümkün deyil. Belə ki, regionda aktiv proseslər baş verir və bunlar Azərbaycanın daşınmaz əmlak bazarına təsir edir. Bunlar isə qeyri-iqtisadi xarakterli proseslərdir. Son günlər bazarda müşahidə olunan aktivlikdə bir qədər də psixoloji faktorlar var. Ola bilər ki, oktyabrın sonlarına doğru daha dinamik qiymət artımları müşahidə olunsun. Bu, Azərbaycana digər ölkələrdən gələnlərlə bağlı olacaq. Məsələn, Rusiyadan gələnlərin Azərbaycanda mənzil bazarına təsirləri nəticəsində baş verə bilər. Müşahidələr göstərir ki, həmin potensial alıcı kütləsi hələki aktiv şəkildə bazar iştirakçısına çevrilməyib. Onların böyük qismi gözləmə möveyindədir. Yəqin ki, bu ayın sonlarına doğru gözləmə mövqeyində olanlar real alıcıya çevriləcəklər. Bu halda bazarda daha dinamik qiymət artımı müşahidə edə bilərik".
Ötən illə müqayisədə bu il evlərin qiymətindəki artım fərqinə gəlincə, ekspert bildirib ki, bu ilin ilk 4 ayı ərzində qeydə alınan qiymət dəyişməsi bazar üçün rekord göstərici idi:
"Təqribən 21 faiz qiymət artımı oldu. İlin yekun nətciəsini indi söyləmək bir qədər çətindir. Hesab edirəm ki, bu il mənzil bazarı üzrə qeydə alınacaq qiymət artımı ümumi iqtisadiyyata qeyri-adekvat olacaq".
Anar Kəlbiyev