"Qırğızstandan sonra Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib. Bu arada Türkiyə Prezidenti də Astanadadır".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir:
"Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək. Bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstanla 350.1 milyon, Türkmənistanla 156.9 milyon, Özbəkistanla 103.7 milyon, Qırğızstanla isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb. Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. Bu o deməkdir ki, 2022-ci ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50.0 faiz artıb. Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək".
Seymur Əli