Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) dünən - 12 oktyabrda iki uzunmənzilli strateji qanadlı raketin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
"Unikal" sözügedən mənbəyə istinadən xəbər verir ki, sınaq atışlarına lider Kim Çen Inın şəxsən nəzarət etdiyi bildirilib və ölkənin qərb sahillərindən atılan raketlərin təxminən 2 saat 50 dəqiqə yol qət etdikdən sonra 2000 kilometr uzaqlıqdakı hədəfləri dəqiqliklə vurduğu qeyd edilib.
Qeyd olunub ki, raket sınaqları Koreya Xalq Ordusunun taktiki nüvə əməliyyatı bölmələrində yerləşdirilən uzaqmənzilli strateji qanadlı raketlərin döyüş effektivliyini və gücünü daha da artırmaq və ümumi əməliyyat tətbiqi sisteminin texniki təhlükəsizliyini qorumaq üçündür.
Kim raketlərin sınaq nəticələrindən çox məmnun olduğunu bildirib: "Düşmənlərimizə daha bir açıq xəbərdarlıq".
Nüvə strateji silahlı qüvvələrinin əməliyyat məkanını genişləndirməyə davam etməli olduğunu təkrarlayan Kim, təşəbbüsü ələ almağın və istənilən böyük hərbi böhranın və müharibənin qəti şəkildə qarşısının alınmasının vacib olduğunu bildirib.
Ağarza Elçinoğlu