İran BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından qovula bilər
"Unikal" xəbər verir ki, Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən qətlə yetirilməsi və etirazçı qadınların İran rejimi və polisi tərəfindən susdurulması səbəbindən İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasından qovula bilər.
Sözügedən komissiyanın məqsədi, nizamnaməsində qeyd edildiyi kimi, “gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini artırmaqdır”. BMT-nin Cenevrədə yerləşən bu monitorinq orqanı bildirib ki, İran bu ilin mart ayından "ən azı dörd Qərb ölkəsinin səsi ilə" BMT-nin Qadın Komissiyasının Ali Şurasında dörd illik üzvlük müddətinə başlayıb.
Bununla belə,İranda bir çoxlarının “qadın inqilabı” kimi dəyərləndirdiyi geniş anti-hökumət etirazlar Tehranın rejiminin Qadınların Vəziyyəti üzrə Komissiyasına üzv olmasına icazə verdiyi üçün BMT-nin sərt tənqid edilməsinə səbəb olub. Amerika Dövlət Departamentinin adının çəkilməsini istəməyən rəsmisi "İran rejiminin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasına üzvlüyünü gülünc adlandırıb.
Onun sözlərinə görə, Amerika hökuməti həmişə açıq şəkildə bəyan edib ki, İran rejimi kimi insan haqlarını ən çox pozan bəzi hökumətlərin BMT-nin bəzi komissiyalarında üzv olması absurddur.
"Biz rejimin iranlı qadınlara qarşı basqılarını və ölkə xalqının etirazlarını zorakılıqla yatırmasını açıq şəkildə pisləmişik. Bildiyiniz kimi, biz BMT-nin İnsan Haqları Şurasında birgə bəyanatla çıxış edən və İran rejimini etirazçıları zorakılıqla yatırmağı dayandırmağa çağıran 54 ölkədən biri idik",- deyə, Amerika rəsmisi qeyd edib.
Gültəkin Ələsgər