Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağa çağırıb.
"Unikal" xəbər verir ki, MDB Dövlət Başçıları Şurasının sammitində Rusiya liderinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşmaq istər.
Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib.
“İndiki kimi biz də şahidi olduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yoxdur. Ənənələr və adətlər nəzərə alınmırdı. Onlar inkişafı dəstəkləmədilər”, - Tacikistan lideri bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, böhranlar Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığı gücləndirə bilər.
Bundan öncə, Putin bildirib ki, Qərb MDB məkanında münaqişələri qızışdırmaq üçün ssenariləri işə salmağa çalışır. Oktyabrın 14-də Astanada "Rusiya - Mərkəzi Asiya" forumu keçirilib . Tədbirdə Rusiya, Qazaxıstan , Qırğızıstan , Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak ediblər .
Gültəkin Ələsgər