Ermənistanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçusu 370 ABŞ dollar müqabilində xarici xüsusi xidmət orqanı nümayəndəsinə xidmət etdiyi hərbi hissəyə aid və dövlət sirri hesab olunan məlumatları ötürüb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistan Respublikası vətəndaşı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli əsgəri, sıravi qumbaraatan V.H. öz xidməti fəaliyyəti ilə əlaqədar dövlət və xidməti sirri təşkil edən məlumatlarla təmasda olub. O, "Odnoklassnik” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub və işə cəlb edilib. 2022-ci ilin yanvar-iyun ayları arasında hesabında onunla əlaqə saxlayıb, pul müqabilində hərbi hissəsi ilə bağlı dövlət və xidmət sirri təşkil edən müxtəlif sənədləri qarşı tərəfə verib.
Bildirilib ki, verilən sənədlər döyüş mövqelərinin adları, rabitə yolları, tabor komanda məntəqələri, mövqelərarası məsafələr, təchizat və s. haqqında məlumatları ehtiva edib.
O, bunun müqabilində üç bank köçürməsi yolu ilə xarici xüsusi xidmət orqanlarından 370 ABŞ dolları alıb və bununla da Ermənistan Respublikasının ərazi bütövlüyü və xarici təhlükəsizliyinə zərər vurmaqla dövlətə xəyanət edib.
ER Milli İstintaq Xidmətində başlanan cinayət işi çərçivəsində sözügedən müqaviləli əsgərə qarşı ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam edir.
Gülayə Mecid