Təhsil eksperti Kamran Əsədov Elm və Təhsil Nazirliyinin işçilərini tənqid edib.
"Unikal" xəbər verir ki, ekspert sosial şəbəkədə nazirliyin keçirdiyi tədbirdə sözlərin düzgün yazılmadığını onlara irad tutub. Bir müddət öncə Elm və Təhsil Naziri Emin Əmrullayevin müəllimlərin bəzi sözləri düzgün yaza bilmədikləri üçün tənqid etməsini nazirlik işçilərinə də şamil edildiyini bildirib.
Belə ki, bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi tədbirdə nazirliyin rəsmi şəxsləri slayd əsasında çıxış - təqdimat etdiklərini bildirən Kamran Əsədov təqdimatdakı sözlərin bir çoxunun düzgün yazılmadığını qeyd edib.
"Müəllimə "şaftalı", "asfalt" sözünü düz yaza bilmədiyinə görə təhqir edən qurum, 2 səhifəlik slaydda 2 səhifəlik səhv yazıb. Öz gözünüzdə tiri görməyib, başqasında çöp axtarırsınız? Slayd başdan ayağa səhv yazılıb. Öz işçiləriniz düz yaza, oxuya bilmir, buna nə deyək? Görün nə qədər sözü düz yaza bilməyiblər.
Xarici dildən hansısa mənbədən material götürüb "google translate" ilə tərcümə edib tədbir keçirirlər. Hələ utanmadan bunu rəsmi saytlarına yerləşdirirlər"- deyə Kamran Əsədov irad bildirib.
Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı "şaftalı" sözünü düz yaza bilməyən müəllimlərin olduğunu bildirmişdi.
Gültəkin Ələsgər