Rusiyanın Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Anton Uss ABŞ-ın tələbi ilə İtaliyada həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Nyu Yorkun Cənub Dairəsi üzrə Prokurorluğu məlumat yayıb.
Amerika tərəfi onu sanksiyalardan yayınmaqda ittiham edir. İndi Rusiya vilayətinin başçısının oğlu ABŞ-a ekstradisiyasını gözləyir. Mətbuata verilən məlumata görə, o, “ekstradisiya prosedurları”ndan keçir.
Anton Uss-dan başqa, ABŞ daha dörd Rusiya vətəndaşını sanksiyalardan yayınma və çirkli pulların yuyulmasında ittiham edib, o cümlədən Almaniyada həbs edilən Yuri Orexov, Svetlana Kuzurqaşeva, Timofey Telegin və Sergey Tyulyakov. İki neft alverçisinə qarşı da oxşar ittihamlar irəli sürülüb.
Bundan əvvəl Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin böyük oğlu, iş adamı və Venture Investments & Yield Management ( VIYM ) fondunun həmtəsisçisi Andrey Yakunin Norveçdə pilotsuz təyyarə buraxdığına görə saxlanılıb . Kiçik Yakunin avqustun sonunda Svalbardda tətil edərkən drondan istifadə edib. Qeyd olunur ki, o, Norveç hakimiyyət orqanları ilə tam əməkdaşlıq edir və qayıqda istirahətinin məqsədi ilə bağlı bütün lazımi məlumatları verməyə çalışır.
Gültəkin Ələsgər