"45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacayıq. Bu gün açılışı planlaşdırılan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir:
"Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir. Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək".
Deputat qeyd edib ki, bu gün açılışı olacaq Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir:
"Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir".
Seymur Əli