Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Xarici İşlər Nazirliyində çalışan 40-a yaxın diplomata “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzunmüddətli köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.
"Unikal" xəbər verir ki, “Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramı” çərçivəsində keçirilmiş görüş ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib.
Dövlət Komitəsinin sədr müavini diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasətinin tarixi kökləri, qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad edib, biz artıq bu qələbənin ikinci ildönümünü qeyd edirik. Qazandığımız bu qələbədən sonra 30 ilə yaxın yurd həsrəti çəkən həmvətənlərimizin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq könüllü, təhlükəsiz və ləyaqətlə doğma rayonlarına, şəhərlərinə qayıtmasına şərait yaranıb.
Diqqətə çatdırılıb ki, məcburi köçkün həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi qeyd olunub. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yol-nəqliyyat infrastrukturu, rabitə, kommunal xətləri bərpa olunur və yenidən qurulur. Zəngilan rayonu həm də qayıdışın ilk qədəmləridir, rayonun “ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş Ağalı kəndinə 66 ailə 326 nəfər köçürülüb. Digər şəhər və rayonların da Baş planı təsdiq olunub, tikinti-quruculuq işləri aparılır.Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistanın işğal altında saxlanılan
Azərbaycan ərazilərini, eləcə də hərbi təyinatı olmayan torpaqları da mina ilə çirkləndirib. Ərazilərin minalardan təmizlənməsi prosesi məcburi köçkünlərin Böyük Qayıdışını ləngidir, həmin ərazilərə səfər edən şəxslərin həyatı üçün təhlükə yaradır. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, həmçinin Böyük Qayıdışın tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.
Sonda təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.