Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Zəngilanın işğaldan iki il öncə, 20 oktyabr 2020-ci ildə azad olunduğu gündə açılış törəninin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır.
Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və.s İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görülür.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezidentlərimiz tərəfindən təməli atılan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən “Qumlaq” stansiyası Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizi nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycan tarixinin şanlı səhifəsi olan Zəfər savaşının qürurlu ildönümlərini yaşamaqdayıq. 30 il ərzində işğal tarixlərini sızıntı və qüssə ilə qeyd edən xalqımız indi həmin yurdların azad olunma günlərinin sevincini yaşayır. Azərbaycan Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri isə bu sevinci bir qədər də artırır. 44 gün ərzində cəbhə meydanında Ali Baş Komandan, diplomatiya masasında fövqəlsiyasətçi olan Azərbaycan Lideri bu gün eyni qüdrət və bacarıqla yenidənqurma işinə rəhbərlik edir. Cəbrayıl şəhərində dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir.
Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə eədərk bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu, bu amil bölgəyə və dünyaya ciddi mesajdır.” Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov