Payız-qış mövsümünə hazırlıqla bağlı işlər çərçivəsində tullantı su xətlərində yaranan problemlərin aradan qaldırılması məqsədilə kompleks tədbirlərin icrasına başlanılıb.
"Unikal" xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən tullantı su sistemlərinin istismar vəziyyəti öyrənilir, kollektorlar və xətlərə toplanmış bərk tullantıların təmizlənməsi işləri həyata keçirilir.
Tədbirlər planına uyğun olaraq cari ilin avqust ayından başlayaraq Bakı şəhərinin əsas daşıyıcı kollektorları və xətlərinə, baxış quyuları və yağış barmaqlıqlarına baxış keçirilib. Bununla əlaqədar Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb. Ötən müddətdə paytaxt ərazisində 180 km tullantı və yağış su xətlərində, 15 mindən çox baxış quyusunda və barmaqlığında təmizləmə işləri aparılıb. Qeyd edək ki, payız mövsümündə yağıntılar zamanı xətlərə bərk tullantıların dolması şəbəkə və kollektorların istismarını çətinləşdirir və onların ötürmə qabiliyyətini xeyli azaldır. Bu baxımdan yağıntılardan sonra kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, onların yuyulması işləri həyata keçirilir.
Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir.
Eyni zamanda, kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda sazlama işləri aparılır. Qeyd edək ki, bu işlər Abşeron yarımadası ilə yanaşı, regionlarda da həyata keçirilir.