“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. Bu, yaxşı göstərici deyil".
"Unikal" xəbər verir ki, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O bildirib ki, hər partiyanın öz həqiqəti var: "Lakin həqiqət birdir. Yəni, Azərbaycanda aktiv siyasətlə məşğul olan şəxslər 60 yerə parçalanıb. Bu siyasi plüralizm deyil. Elə bunun nəticəsidir ki, milli birliyə nail ola bilmirik. Cəmiyyətimizdə radikallıq, qaragüruhçuluq meylləri var. Daha dəhşətli isə ifrat millətçiliyə, dini fanatizmə meylli insanlar var. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmasının qarşısını almaq mümkün deyil".
“Şekspir deyirdi ki, dünya səhnədir, biz insanlar isə bu səhnədə oynayan aktyorlar. Mən çox istərdim ki, həm iqtidarda, həm də müxalifətdə olan bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu ancaq Azərbaycanın xeyrinə olsun”, - Ə.İnsanov qeyd edib.