Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verilib və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.
Tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin vacibliyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. “Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.