Müstəqil Atletika Təşkilatı (AİU) rusiyalı yüngül atlet Natalya Antyuxun 2012-ci ilin iyulundan 2013-cü ilin iyununa qədər göstərdiyi nəticələri antidopinq qaydalarını pozduğuna görə etibarsız saymaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu müddətdə idmançı 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında 400 metr məsafəyə maneələrlə qaçışda qızıl medal qazanıb.
“Antyux LIMS məlumatlarına əsaslanan AIU iddialarından sonra qadağan olunmuş maddədən istifadə etdiyinə görə diskvalifikasiya edilib. Onun 15 iyul 2012-ci il tarixindən 29 iyun 2013-cü il tarixədək olan nəticələri ləğv edilib”, - təşkilatın sosial şəbəkədəki bəyanatında deyilir.
Xatırladaq ki, 2021-ci ilin yazında İdman Arbitraj Məhkəməsi (CAS) Antyuxu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya etmişdi. 30 iyun 2013-cü il və 31 dekabr 2015-ci il tarixləri arasında onun bütün nəticələri də ləğv edilib.
41 yaşlı idmançı 2004-cü ildə Afinada keçirilən Olimpiadada da 4x400 m estafetdə gümüş, 400 m məsafəyə qaçışda bürünc medal qazanıb.
Gülayə Mecid