“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib.
Qanuna əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb.
Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.
Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.