Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Məktubda deyilir:
“Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.
Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.
Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır”.