Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka təbrik məktubu ünvanlayıb.
"Unikal"ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir.
İki il bundan əvvəl işğaldan azad etdiyimiz ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallığı təmsil edən şirkətlərin iştirakı təqdirəlayiqdir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalan minaların təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni alqışlayırıq.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluğun möhkəmləndirilməsi, ikitərəfli əlaqələrimizin bütün sahələrdə dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".