"Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi məqsədilə siyasi plüralizmin hökm sürdüyü ictimai dinləmə keçirilib. Dinləmədə siyasi partiya liderləri və partiya üzvləri qanun layihəsi, onun ayrı-ayrı müddəaları ilə bağlı fikirlərini və təkliflərini bildirib. Milli Məclisdə ilk dəfə bu formatda keçirilən dinləmə qanunvericilik orqanının müzakirələrə açıq olduğunu və müxtəlif partiyaların iradəsini sərbəst ifadə etmək imkanına şərait yaradıldığını nümayiş etdirib. Nəzərinizə çatdırım ki, dinləmələrin səbəbi “Siyasi partiyalar haqqında” qanunun müasir çağırışlara uyğun olaraq dəyişdirilməsidir. Yeni qanun layihəsi ölkəmizin və xalqımızın maraqları naminə siyasi birlik nümayiş etdirən, zərərli xarici siyasi təsirləri minimuma endirən partiyaların fəaliyyətinə müsbət təsir edəcək. Siyasi partiyaların yaranması, fəaliyyətinin ləğvi və bərpası kimi məsələləri daha da asanlaşdıracaq. Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Hazırda qüvvədə olan, 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmiş “Siyasi partiyalar haqqında “ qanun isə 22 maddədən ibarətdir. Yəni qanun layihəsi daha əhatəlidir və müasir siyasi çağırışlara cavab verir".
Bu barədə "Unikal"a açıqlamasında deputat Mahir Abbaszadə bildirib. M. Abbaszadə qeyd edib ki, yeni qanun layihəsi hazırlanarkən yerli maraq və tələblərin nəzərə alınması ilə yanaşı beynəlxalq təcrübədən də yararlanılıb: "Belə ki, Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Nəticədə mütərəqqi qanun layihəsi ortaya çıxıb. Bu cür əhəmiyyətli qanun layihəsinin qəbulu zamanı ictimai-siyasi fikrin nəzərə alınması, ictimai rəyin öyrənilməsi demokratik cəmiyyətin, siyasi plüralizmin göstəricisidir. Müsbət tendensiya kimi dəyərləndirilən bu cür müzakirələr gələcəkdə də davam edəcək. Siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin də dinləmələri yüksək qiymətləndirməsi müzakirələrin müsbət nəticələrindən biridir".
Deputat vurğulayıb ki, qanun layihəsinin siyasi sistemdə yaradacağı dəyişikliklər siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcək.
Seymur Əli