Oktyabr ayının 31-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində görüş keçiriləcək. Görüşün təşəbbüskarı Rusiya lideri Vladimir Putindir.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Putinin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrini müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət etdiyini bildirib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Unikal"a açıqlamasında görüşün mümkün nəticələri ilə bağlı fikirlərini söyləyib:
"Yəqin ki, artıq görüşdə müzakirə olunacaq məsələlər bəllidir. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında imzalanmalı olan sülh sazişi görüşün əsas müzakirə mövzusu olacaq. Bununla yanaşı sərhədlərin delimitasiya və demarkasiyası məsələləri də çox önəmlidir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin olacağını da təxmin edirəm.
İnanıram ki, bütün bu müzakirələrdən sonra hər hansı nəticə əldə olunacaq. Görüşlə bağlı həm Ermənistan, həm də Azərbaycan tərəfi bəyanat verib.
Lakin, delimitasiya və demarkasiya işləri aparılmasa, sülh sazişi imzalanmasa, sərhəddə təxribatlar davam edə bilər. Erməni təxribatlarının qarşısını almağın ən yaxşı yolu sülh sazişinin imzalanmasıdır. Sülh sazişində Zəngəzur dəhlizinin də açılması olduqca vacibdir. Gərək biz Ermənistan tərəfini sülh sazişini imzalamağa təhrik edək. Ermənilər unutmamalıdırlar ki, bu onların milli maraqlarına uyğundur", - deyə o bildirib.
Murad İbrahimli