Macarıstanın baş naziri Viktor Orban Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə elektrik enerjisi almaq istədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu yolla Macarıstan hazırda elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza xeyli qənaət edə biləcək. Orban bu planları bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra açıqlayıb.
“Macarıstan ictimaiyyətinə çatdırmaq istərdim ki, böyük enerji təşəbbüsləri hazırlanır və bu bizim üçün maraqlıdır. Biz istəyirik ki, yeni, böyük ötürücü xətlər olsun və Azərbaycandan Gürcüstan, Rumıniya vasitəsilə elektrik enerjisi alınsın və bu təşəbbüslə biz indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz çoxlu təbii qaza qənaət edəcəyik.
Əgər gələn il bu elektrik enerjisi bizə birbaşa verilsə, o zaman biz daha təbii qaz almağa məcbur qalmayacağıq. Cənab Baş nazirin bu təşəbbüsü dəstəkləməsinə çox şadam, bu məsələ Macarıstan üçün çox böyük fundamental əhəmiyyət kəsb edir”, - Orban bildirib.
Onun sözlərinə görə, Macarıstan Aİ hüdudlarından kənarda elektrik enerjisi əldə etmək baxımından təkcə qısamüddətli deyil, həm də uzunmüddətli həll yolu tapmağa çalışır. “Biz çoxlu, çox böyük həcmdə və çox uzaq ölkələrdən idxal edirik. Bu məsələ Macarıstan üçün vacibdir, çünki bu məsələ inflyasiya, qiymət artımı ilə bağlıdır”, - Orban bildirib.
Macarıstanın baş naziri gələn il Gürcüstana səfər edəcəyini də açıqlayıb.
Onun sözlərinə görə, 2023-cü ildə o, Gürcüstan hökumətinin başçısı ilə birgə hökumətlərarası görüş keçirmək niyyətindədir. Orbanın sözlərinə görə, bu, "iqtisadi əməkdaşlıq üçün mühüm stimul olacaq".
Gültəkin Ələsgər