Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında mövcud dostluq, ticarət və mədəni-iqtisadi əlaqələrin inkişafına Assosiasiyanın verdiyi töhfələr barədə danışılıb, təşkilatın həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri Neapol-Bakı Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlığın perspektivləri barədə müsbət fikirdə olduğunu ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən qonaq kiçik tarixi ekskurs edərək, 1972-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə Bakı və Neapol şəhərlərinin qardaşlaşması və bu il həmin layihənin 50 illiyinin tamam olması barədə danışıb. Bildirib ki, Neapol-Bakı Assosiasiyası 2014-cü ildə məhz bu qardaşlaşmanı yaşatmaq məqsədilə İtaliyada yaradılıb. Assosiasiya bu günə qədər görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətləri, ölkəmizin müasir tarixi və mədəniyyəti ilə bağlı onlarla maraqlı layihə həyata keçirib.
Cüzeppe Kanilyoya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.