"Maaş və pensiyalar hər il təxminən 20 faiz artırılır".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, indi inflyasiya 14 faizə yaxındır:
"Ərzaq məhsullarının inflyasiyası isə 20 faizi keçib. Elə məhsullar var ki, onun inflyasiyası 30-50 faiz arasındadır. Hökumət çalışır ki, inflyasiyanın qarşısını alsın, maaş, pensiya və müavinətlər artırılsın. Bu baxımdan, 2023-cü ilin dövlət büdcəsi də sosialyönümlüdür. 2023-cü ildə bu məqsəd üçün 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat çoxdur. Bu vəsait inflyasiyanı, qiymət artımını nəzərə alaraq hesablanıb.
Onun sözlərinə görə, əsas məsələ kənd təsərrüfatı sahəsi ilə bağlıdır ki, insanların ərzaq problemi müəyyən qədər ödənilsin:
"Doğrudur, bunu tam ödəmək mümkün deyil. Gələn il ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur. Bunların hər biri qiymət artımının, inflyasiyanın qarşısını almaq üçündür".
Anar Kəlbiyev