MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndirib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu ittihamlara cavab verib.
"Unikal"ın məlumatına görə, o bildirib ki, 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib.
“Azərbaycan işğala məruz qalan torpaqlarını azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Bakının irəli sürdüyü beş prinsip İrəvan tərəfindən dəstəklənib. Bu mövqelərdən çıxış edərək, biz bu gün konstruktivizm çərçivəsində gündəmdə olan məsələlər barədə danışmağa çalışdıq”, - deyə baş nazir bildirib.
Bununla belə, o, Ermənistan rəhbərliyinin mövqeyinin anlaşılmaz olduğunu qeyd edib.
“Baş nazir bir şey, müavini tamam başqa şey deyir”, - deyə Ə.Əsədov əlavə edib.
MDB Hökumət Başçıları Şurasının üzvlərinin diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi isteblişmenti bütün bu 30 il ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, suverenlik, sərhədlər, işğal anlayışlarını xatırlamayıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin sentyabr təxribatları, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlər xatırladılıb.
Baş nazir Ermənistan tərəfinin Azərbaycanın hərbi cinayətləri ilə bağlı kobud və əsassız ittihamlarına da cavab verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sözügedən videolarla bağlı araşdırmalara başlayıb:
“Araşdırmanın nəticəsinə görə, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır”, - deyə o vurğulayıb.
Əli Əsədov hər bir dövlət üçün qırmızı xətlərin olduğunu bəyan edib.
“Azərbaycan dinc əməkdaşlığa, Ermənistanla sülh razılaşmasına hazırdır. Ancaq bir qarış belə olsun torpağımızdan da əl çəkməyəcəyik”, - deyə o qeyd edib.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.