Əli Hüseynli Səfər Əbiyevin müdafiəsinə qalxdı


"Çox təəssüf ki, bu gün Azərbaycanın Silahlı Qüvvələrindəki ölüm hallarından ordu əleyhinə kampaniya üçün istifadə olunur".

SalamNews xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlər orduda əsgər ölümləri ilə bağlı ictimai etiraz çağırışlarına münasibət bildirərkən deyib.

O deyib: “Azərbaycan ordusu barədə elə təsəvvür yaradılır ki, guya keçmiş SSRİ ölkələri orduları içərisində ən neqativ hadisələr burada baş verir. Mən vəziyyətin belə şişirdilməsinin əleyhinəyəm. Hesab edirəm ki, burada kampaniyaçılıq elementləri var. Bütün ölkələrin ordularında itkilər baş verir və mən mətbuatı digər ölkələrdəki əsgər itkiləri ilə bağlı obyektiv araşdırma aparmağa çağırıram. O zaman vəziyyətin necə olduğunu görə bilərik."

Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü olan Əli Hüseynov orduda korrpusyia hadisələrinin ört-basdır edilməsi ilə bağlı səslənən fikirlərə də etiraz edib: "Mən belə hesab etmirəm. Biz əksinə, bir neçə il əvvəl cinayət prosessual qanunvericiliyinə korrpupsiya hallarının araşdırılması ilə bağlı dəyişiklik etmişik və Hərbi Prokurorluğa səlahiyyətlər vermişik. Prokurorluq bu səlahiyətlərdən istifadə edir. Kifayət qədər ciddi araşdırmalar gedir.”