"Son dövrlər Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü xüsusi diqqət çəkir. Tərəflər qarşılarına sülh müqaviləsinin bağlanması məqsədini qoyublar".
Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan tərəfi təkliflərini verib:
"İndi son söz Ermənistanındır. Ermənistanın bu məsələdə konstruktiv olması ilk növbədə onların maraqlarına cavab verir. Bununla belə, hələ də tam olaraq erməni xülyasından ayrıla bilmirlər. Ümid edirik ki, hər görüşdə Ermənistan siyasi rəhbərliyi sülh müqaviləsinin bağlanmasının vacibliyini dərk edəcək. Hərdən rəsmi İrəvan tərəfindən verilən bəyanatlarda onların Azərbaycanla normal münasibətlərin olması istəyi elan edilir. Az keçmir ki, başqa bir rəsmi tamam fərqli bir mövqe bildirir. Hər görüşdən gözləntilər var. Konkret nə olacağını günün axırında biləcəyik. Azərbaycan tərəfi təkliflərini verib və Ermənsitanla hərtərəfli qonşuluq münasibətləri göstərmək istəyimiz ortaya qoyulub. Ümid edirik ki, sülh müqaviləsi ilə bağlı konkret nəticələr eşidəcəyik".
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan artıq Soçi şəhərindədirlər. Görüşdə liderlərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, nəqliyyat-iqtisadi əlaqələrin açılması və kommunikasiyaların blokadadan çıxarılması məsələlərinin müzakirə olunacağı gözlənilir.
Anar Kəlbiyev