Göyçayda 14 yaşlı qıza keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"a açıqlamasında bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb. Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.

*** 14:26

"Toyu olacaq deyilən qızla bağlı rayon icra hakimiyyətinin hüquq şöbəsinə və sahə müvəkkilinə məlumat vermişəm".

Bunu "Unikal"a Göyçay rayon Çərəkə kəndinin icra nümayəndəsi Tehran Adıgözəlov deyib.

O bildirib ki, polis hazırda həmin evdədir və araşdırma aparılır: "Məktəb direktorundan öyrəndim ki, qızın 17 yaşı var, 10-cu sinif şagirdidir. Amma məktəbdən çıxarılıb. Babası deyib ki, qızı indi toy edəcəklər. Lakin 18 yaşı tamam olandan sonra oğlan evinə köçürəcəklər".

*** 13:44

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq. Yeniyetmə Ağsu rayonunda yaşayam şəxsə ərə verilir.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib. Belə ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.

Anar Kəlbiyev