"Ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi qarşımızda duran hədəflərdəndir".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq növbəti ilin dövlət büdcəsində buna nail olunacaq: “Bunun ardıcıl olaraq təmin olunması üçün qanunvericilik səviyyəsində də həll edəcəyik. Müvafiq normativ hüquqi aktlar da hazırlanacaq. Düşünürük ki, tədricən biz dövriyyədən ehtiyac meyarı anlayışını çıxaracaq və fəaliyyət yaşayış minimumu üzərindən quralacaq”.

Minimum pensiya məbləğinin artırılmasına gəlincə Sahil Babayev qeyd edib ki, bu həyata keçirilən çoxşaxəli islahat planının tərkib hissəsidir: “2019-cu ildə minimum pensiya məbləği 160 manat idisə, bu gün həmin rəqəm 240 manatdır. Lakin bu məbləğ yeni pensiya alanlar üçündür. Birmənalı olaraq demək istəyirəm ki, minimum pensiya məbləğinin artırılması daimi gündəlikdədir. Hökumət olaraq bu istiqamətdə ətraflı araşdırmalar aparılır, təkliflər hazırlanır”.