"Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir".
"Unikal" xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
"Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.
Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən də əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırılan yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq", - dövlət başçısı bildirib.