Bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı qeyd edib.
Dövlətimizin başçısı deyib ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.