Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq.
"Unikal" xəbər verir ki, bu sözləri sabah Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bildirib.
Baş məşqçi hər iki oyunun komanda üçün vacib olduğunu deyib: “On yeddi ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq”.
Canni De Byazi inkişaf etmək, inam qazanmaq üçün çox çalışmalı olduqlarını qeyd edib: “Avropa çempionatının seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər”.