İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovu regional məsələlərin diplomatiya strategiyası ilə həlli çərçivəsində Tehranda keçiriləcək “3+3” görüşündə iştiraka dəvət edib.
"Unikal" xəbər verir ki, iranlı nazir bu barədə noyabrın 15-də axşam saatlarında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
O deyib ki, ölkələrin suverenliyinə hörmət edilməsi vacib və əsas prinsip kimi nəzərə alınmalıdır.
İranın baş diplomatı rəsmi və diplomatik kanalları anlaşılmazlıqları və fikir ayrılıqlarını həll etmək üçün ən yaxşı yol hesab edib və vurğulayıb ki, mediada bu cür məsələlərin gündəmə gətirilməsi nəinki problemin həllinə kömək etmir, həm də düşmənlərin məsələdən sui-istifadə etməsinə yol açır.
Hüseyn Əmir Abdullahian qonşuları ilə, o cümlədən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin İran xarici siyasətinin prioriteti hesab edib və iki ölkə arasında hərtərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri də öz növbəsində İran və Azərbaycan prezidentlərinin Qazaxıstanın Astana şəhərinə son səfərinə diqqət çəkib və iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında aparılan danışıqları “müsbət və konstruktiv” qiymətləndirib.
Bayramov ikitərəfli münasibətlərin gücləndirilməsinin və anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərinin gücləndirilməsi və yarana biləcək anlaşılmazlığın aradan qaldırılması istiqamətində bütün sahələrdə əlaqələrin davam etdirilməsi və gücləndirilməsinin vacibliyi vurğulanıb.