Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar şübhəli bilinən şəxsi Suriyada saxlayıb.

"Unikal" xəbər verir ki, hücumun təşkilinə kömək edən daha bir terrorçu  Suriyanın şimalındakı Aazaz şəhərində yaxalanıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində piyadalar üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib. Türkiyə Ədliyyə Nazirliyi bunun terror aktı olduğunu bəyan edib. Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Terror aktını törədən Suriya əsilli Əhlam Əlbəşirin qapalı tekstil sexində işlədiyi və heç kimlə əlaqə saxlamadığı qeyd olunub. Qadın hadisədən bir qədər əvvəl İstiqlal küçəsində kəşfiyyat aparırmış.

Noyabrın 15-də Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbuldakı terror aktında əli olmaqda şübhəli bilinən 50 nəfərin həbs edildiyini açıqlayıb .