Polşa Prezidenti Andjey Duda dənizdə süni mühərrikli sörf lövhəsində balansını itirərək suya yıxılıb. Hadisə jurnalistlərin gözü qarşısında baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Varşava mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Polşa lideri son vaxtlar “jetsurfing” adlanan idman növü ilə maraqlanırmış. Bu idman növündə elektrik mühərriki ilə təchiz olunmuş sörf lövhəsi istifadə olunur və 50–60 km/saat sürət yığmaq mümkündür.
Hadisə, Dudanı müşahidə edən jurnalistlər tərəfindən Hel yarımadasındakı Yurat çimərliyində qeydə alınıb. Məlumata görə, prezident həmin ərazidə mühafizə altında, qapalı zonada məşq edirmiş və əraziyə başqa şəxslərin girişi qadağan olunub.
Fotoqraflar Dudanı lövhədə dayanarkən balansını itirib dənizə yıxılan anda görüntüləyə biliblər. Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək onu sudan çıxarıblar. O, qoruyucu dəbilqə və gödəkçə geyindiyi üçün xəsarət almayıb.