İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsul qurumlarının rəsmi nümayəndələri, həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib.

Görüşdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihə və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə yubiley tarixləri müzakirə olunub. 

İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilənin, habelə ali təhsil və elmi müəssisələr arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir Azərbaycanın elm və texnologiya sahəsində innovasiyayönümlü inkişaf modelinə xüsusi önəm verdiyini, süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji kimi sahələrin əsas istiqamətlər sırasında yer aldığını qeyd edib. Nazir Türk Akademiyasının Türk dünyasında ortaq elmi potensialın gücləndirilməsi, eləcə də tədqiqat mərkəzlərinin və bilik mübadiləsi mexanizmlərinin inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb. Həmçinin Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı tədbirlərin Türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

İclasın sonunda Türk Akademiyası Elmi Şurasına sədrliyin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi və Elmi Şuranın 9-cu iclasının Qırğız Respublikasında keçirilməsi qərara alınıb.