Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən universitetin fəaliyyətinin auditi zamanı müəyyən edilən məsələlərin müzakirəsinə dair görüşlər keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Hesablama Palatasının auditoru Vəfa Mütəllimova, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Səmərəlilik auditi şöbəsinin Nəticə əsaslı büdcənin auditi sektorunun müdiri Elgün Atalıyev, Sosial sahələrin auditi şöbəsinin Mədəniyyət, informasiya, idman, gənclər və digər sahələrin auditi sektorunun müdiri Müşfiq Ağayev, Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin Aqrar sahələrin auditi sektorunun müdiri Nizami Qarayev, Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov, həmçinin universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, aqrar təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, Prezident cənab İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində universitetin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tədris və elmi-tədqiqat mühiti formalaşdırılıb.
ADAU-nun region universitetləri arasında dövlət proqramlarının icrasında fəal iştirak edən və beynəlxalq təhsil layihələrini uğurla həyata keçirən aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan Zəfər Qurbanov bildirib ki, hazırda universitetdə Ege Universiteti ilə ikili diplom proqramı uğurla icra olunur. Yaxın gələcəkdə isə ABŞ-ın Oklahoma Universiteti və Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə əməkdaşlıq çərçivəsində yeni ikili diplom və beynəlxalq təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Hesablama Palatasının auditoru Vəfa Mütəllimova görüşün məqsədi, audit prosesinin əhəmiyyəti və əldə olunan nəticələrin təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Səmərəlilik auditi şöbəsinin Nəticə əsaslı büdcənin auditi sektorunun müdiri Elgün Atalıyev və Sosial sahələrin auditi şöbəsinin Mədəniyyət, informasiya, idman, gənclər və digər sahələrin auditi sektorunun müdiri Müşfiq Ağayev təqdimatlarla çıxış edərək audit çərçivəsində aparılan təhlillərin nəticələri, universitetin fəaliyyətinin səmərəlilik göstəriciləri, elmi potensialı, resurslardan istifadənin effektivliyi və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər.
Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti görüş Gəncə Dövlət Aqrar Kollecində tələbələrin iştirakı ilə təşkil edilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb fikir və təklifləri dinlənilib.
Sonda qonaqlar Aqrar Universitetin tədris korpusları, müasir laboratoriyaları, elmi-tədqiqat mərkəzləri və innovativ infrastruktur obyektləri ilə yaxından tanış olublar.

































.jpg)














