Noyabrın 20-də Lənkəranın Viravul kəndində şəhid, Sərhəd Qoşunlarının polkovniki Nəzirov Emil Nəzir oğlunun xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, şəhid ailəsinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bulaq kompleksinin açılışını şəhid qardaşı Abbas Nəzirovla birgə edib. Dövlət Himninin səslənməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

T. Qaraşov çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı var olduqca şəhidlərimizin adlarının əbədiləşdirilməsi, keçdikləri nümunəvi döyüş yollarının təbliği, Vətən sevgilərinin gələcək nəsillərə aşılanması daim davam edəcək. İcra başçısı qeyd edib ki, şəhidlərimiz Vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Onun sözlərinə görə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi, habelə müharibə veteranlarının valideynlərinə təşəkkürünü bildirib. T.Qaraşov çıxışında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində işlərin mütəmadi həyata keçirildiyini vurğulayıb.

Şəhid qardaşı Abbas Nəzirov Lənkəranda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin nümunə təşkil etdiyini qeyd edib. Bildirilib ki, şəhid ailələrinə olan diqqət və qayğı onların mənəvi rahatlığı üçün olduqca vacib amillərdəndir. Şəhid qardaşı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqətlə yanaşdıqları, onlar  tərəfindən qaldırılan istənilən məsələyə həssaslıq göstərdikləri üçün hər ikisinə minnətdarlığını ifadə edib. Sonda Viravul kənd tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib. 

Sərhəd Qoşunları polkovniki E.Nəzirov sağlığında dövlət başçısının müvafiq sərəncamları ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcəli, III dərəcəli “Qüsursuz xidmətə görə”, II dərəcəli “Qüsursuz xidmətə görə”, I dərəcəli “Qüsursuz xidmətə görə”, Silahlı Qüvvələrinin 90 illik yubiley, Silahlı Qüvvələrinin 95 illik yubiley, Sərhəd Mühafizəsinin 90 illik yubiley, Sərhəd Mühafizəsinin 95 illik yubiley, Sərhəd Mühafizəsinin 100 illik yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olan polkovnik E.Nəzirov DSX-nin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən  “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub və II Şəhidlər Xiyabanında dəfn edilib.