Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII Respublika Elmi-Praktik Konfransı keçirilib. Universitetin rektoru İlham Mədətov iştirakçıları salamladıqdan sonra tədbirin əhəmiyyətinə aydınlıq gətirib. 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın bu gün dünyada idarəetmə sahəsində bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanındığını xüsusi vurğulayan rektor dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi,şəffaflığın artırılması və digər istiqamətlərdə həyata keçirilən layihələrin də faydalı olduğunu bildirib. Konfrans iştirakçıları tərəfindən təqdim olunan 54 məruzənin müasir dövrdə effektiv idarəetmə problemlərinin həllində yeni yanaşmalara təkan verəcəyinə inam ifadə edən İ.Mədətov tədbir    iştirakçılarına uğurlar arzulayıb.

Universitetin “Elm və innovasiya şöbəsi”nin müdiri, f-r.e.n.,dos. Nəsirulla Nəsirli “Azərbaycanda müalicə-sağlamlıq turizminin potensialı və perspektivləri” mövzusuna həsr olunan məruzəsində sağlamlıq turizminin əhəmiyyətinə aydınlıq gətirdi. Hər il milyonlarla dollar vəsaitdən xəbər verən sağlamlıq turizminin dünya turizminə sürətli inteqrasiyası sayəsində bu bazardan daha çox paya sahiblənməyə iddalı ölkələr arasındakı rəqabət tendensiyasının təsadüfi olmadığını diqqətə çatdırdı. Beynəlxalq sağlamlıq turizmindən faydalanan vətəndaşların faiz göstəriçilərində ABŞ, Kanada, Qərbi Avropa və Körfəz ölkə vətəndaşlarının tibbi və sağlamlıq xidmətindən  faydalanmaq istəyi isə yüksək maliyyə imkanlarından qaynaqlanır. ÜTT-nın məlumatına istinad edən N.Nəsirli 2018-ci ildə sağlamlıq turizmindən ABŞ-nın 22,5 milyard dollar, Avropanın 54,2 milyard,  Macarıstan və Çexiya kimi ölkələrin isə bu sektordan 1 milyard dollardan çox gəlir əldə etdiyini diqqətə çatdırdı.

Plenar iclasda Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Sovet idarə sisteminin antihumanist mahiyyəti (1920-1921-ci illər) ” mövzusunda çıxışı iştirakçılar tərəfindən  maraqla qarşılandı.  M.Zülfüqarlı qeyd etdi ki,Sovet hakimiyyətinin mahiyyətini Azərbaycan İnqilab Komitəsinin 1920-ci ilin mayından 1921-ci ilin mayına kimi qəbul etdiyi 368 dekretdə aydın əksini tapıb. Bu dekretlər işğalçı rejimin Azərbaycanda möhkənlənməsinə xidmət edib. Elmi mənbələrdə qeyd olunduğu kimi işğalçı bolşeviklər ağır iqtisadi və siyasi böhranla üzləşən Azərbaycanda yeni istismar üsulları axtarmaqla kifayətlənmir, icrasında xüsusi fəallıq göstərirdilər. Kommunist iməcilikləri adı altında insanların könüllü- pulsuz işlədiklərini desələr də əslində bunlar reallığı əks etdirmir. Sovet rejimi Azərbaycan əhalisi arasında vətəndaş müharibəsinin alovunda mənfur siyasətlərini yeritməyə çalışırdılar. 

Onlayn formatda təşkil olunan “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII Respublika Elmi-Praktik Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynovun  “Quba-Xaçmaz iqtisadi rayonunda tarixi-mədəni abidələrin turizmdə istifadə imkanlarının müəyyənləşdirilməsi”, “Dillər” kafedrasının müdiri dosent Əzizə Məmmədovanın “Naxçıvan iqtisadi rayonunda mineral sular”, dosent Xumar Vahabovanın  “Naxçıvan bölgəsinin təbiət abidələri”, Anadolu Universitetinin professoru Məryəm Akoğlan Kozak və magistrantı Vüqar Nərimanbəylinin “Turizm sektorunda çalışanların şəxsiyyət xüsusiyyətlərinin müəyyən edilməsində yeni bir yanaşma: Enneagram”  mövzularında məruzələri və digər iştirakçıların çıxışları iştirakçıları tərəfindən maraqla dinlənilib.