İcra başçısı işadamını anasının yasında həbs etdirdi


Müqayis Verdiyev “iğtişaş yaratmaqda” ittiham olunur

Bu yaxınlarda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə problem yaşayan, ancaq sonradan qalib gəldiyi tenderin pulunu geri alan iş adamı Müqayis Verdiyev buna görə ölkə başçısına təşəkkür məktubu yazıb. Məktubun üstündən az keçməmiş isə ona təzyiqlər yenidən başlayıb. Bu barədə Unikal.org-a sahibkarın yaxınları məlumat verib.
Onların sözlərinə görə, Müqayis Verdiyevin təzyiqlərə məruz qalmasının səbəbkarı Goranboyun icra başçısı Nizaməddin Quliyevdir. Belə ki, iş adamı Goranboy rayonunda bir sıra işlər görüb və nəticədə İcra Hakimiyyəti ilə aralarında 256 min manatlıq borc yaranıb. Həmin pulu istəyən Müqayis Verdiyev bundan sonra icra başçısı Nizaməddin Quliyevin qəzəbinə gəlib. Ardından isə pulu vermək istəməyən icra başçısı onu rayonda iğtişaş yaratmaqda ittiham edib.
Bu gün səhər saatlarında isə iş adamı anasının yas mərasimində həbs olunub.

Xatırladaq ki, iki gün öncə Goranboyda təmir işlərində çalışan fəhlələrin etiraz aksiyası keçirdiyi də xəbər verilmişdi.

Goranboy Rayon İcra Hakimiyyəti isə aksiyanın keçirilmədiyini bildirir. RİH-dən APA-ya daxil olan açıqlamada bildirilir ki, rayonda heç bir aksiya keçirilməyib.
“Şəhərdə aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördüyü işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib. Məlumat üçün bildiririk ki, Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət» MMC tərəfindən aparılır. İşçilərin Rayon İcra Hakimiyyətinə müraciəti ilə əlaqədar «Fəqan-Xidmət» MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalar tərəfindən görülmüş işlərin dəyəri MMC tərəfindən tam ödənilib. Lakin nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M. Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon İcra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə M. Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər", - deyə RİH-in açıqlamasında bildirilir.